Politoloqdan Xocalı ilə bağlı xəbərdarlıq - "GECİKİRİK..."  

17:41 31.05.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Şuşada keçirilən musiqi festivalı və atəşfəşanlıqdan sonra dərin psixoloji sarsıntı keçirən separatçı rejim rəhbərlərinin belə addımlar atacağı gözlənilən idi. Şuşa rayonunun işğalda olan kəndlərinə Araik Arutunyanın baş çəkməsi, sosial problemlərin həll olunacağı barədə vədləri, Qırmızı Bazarda yeni tikilən  beşmərtəbəli binanın önündə şəkil çəkdirib qaçqınlara mənzil verəcəyi barədə dedikləri təbliğat xarakterli gedişlərdi.

Bu fikirləri hafta.az-a rus sülhməramlılarının nəzarətində qalan Xocalı və digər ərazlərdə erməni "qaçqınlar" üçün yeni qəsəbələrin salınması ilə bağlı məlumatları şərh edən politoloq İlham İsmayıl deyib.

Onun sözlərinə görə, amma Xocalıda Hadrut qaçqınları üçün yaşayış binalarının tikilməsi barədə söylədiklərinə bizim kəskin reaksiyamız olmalı idi. Məhz elə separatçı rejimin belə bir bəyanatından sonra rəsmi bəyanat verilməli idi ki, 10 noyabr razılaşmasına əsasən qaçqınlarımızın geri qayıdış prosesinə start verilir və tezliklə tikinti abadlıq işləri ilk növbədə Xocalıdan başlanacaq:

"Təəssüf ki, bunun şahidi olmadıq. Ümumiyyətlə, neçə ki, biz o yerlərə qayıdışımız barədə heç bir rəsmi fəaliyyət göstərməyəcəyik, erməni qaçqınların bizim yaşayış məntəqələrimizdə məskunlaşması davam edəcək. Düşmənin xislətini unutmayaq. Bunlar Livandan, Suriyadan belə, gəlib bizim hüquqi torpaqlarımızda məskunlaşıblar. Laçında hələ də 70 nəfər Livan ermənisi yaşayır, başçıları da Andranik adlı bir livanlıdır. Həyasızcasına bildirirlər ki, oradan getmək fikirləri yoxdur. Biz o yerlərə dönməyincə ermənilərdəki psixoloji gərginlik yox olacaq, yaşamaq perspektivlərini qətiləşdirəcəklər. Gecikirik…"